ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadiminə medal təqdim edilib

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov ABŞ-nin Kaliforniya ştatında yaşayan mədəniyyət
xadimi Sevinc Kərimova ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, komitə sədri xaricdə yaşayan
soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə
sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği
istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafında
və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində
Azərbaycan diasporunun aktiv rol oynadığını söyləyib. Xaricdə
yaşayan azərbaycanlı icmaların və soydaşlarımızın hər zaman
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu
vurğulayıb.

Sevinc Kərimovaya “Diaspor fəaliyyətində xidmətə görə”
Azərbaycan Respublikasının medalı təqdim edilib.




Qonaq fəaliyyətinə verilən dəyərə görə Azərbaycan dövlətinə
minnətdarlığını bildirib. Azərbaycanın və mədəniyyətinin ABŞ-də
tanıdılması, gənc soydaşlarımızın milli ruhda tərbiyəsi üçün bundan
sonra da çalışacağını, diaspor fəaliyyətinin daha səmərəli
təşkilində səylərini əsirgəməyəcəyini dilə gətirib.

Qeyd edək ki, mədəniyyətimizin tanınmış simalarından olan Sevinc
Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları
ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi
fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini
ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment
Production” şirkətində prodüser kimi işləyib. Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və
“Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.

Sevinc Kərimova həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla
birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük
səhnələrə çıxmasına dəstək göstərib. Onların övladları – Rüstəm
Vəkilov Hollivudda film çəkən ilk azərbaycanlı rejissor, Nigar
Vəkilova isə moda sahəsi üzrə fotoqrafdır.