Yaponiyada “Azərbaycanın milli rəqsi” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Yaponiyanın Vakayama prefekturasında “Vakayama Beynəlxalq
Mübadilə Mərkəzi”nin ev sahibliyi ilə “Azərbaycanın milli rəqsi”
adlı mədəni tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə yerli sakinlər və şəhərdə yaşayan
əcnəbilər Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.

Üç hissəli tədbirin birinci hissəsində qonaq məruzəçi Minarə
Şükürova iştirakçılara əyani materiallarla Azərbaycan milli
geyimləri, musiqisi və rəqs sənəti haqqında məlumat təqdim edib.
Azərbaycan mədəni irsinin bir sıra elementlərini əhatə edən bu
təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.




İkinci hissədə isə tədbirə Bakıdan onlayn qoşulan rəqs üzrə
mütəxəssis, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur
“Şuşanın dağları” və “Yallı” rəqsləri barədə seminar keçib. O bu
rəqslərin tarixindən, mənasından və ifa üslublarından danışaraq
iştirakçıların suallarını cavablandırıb.

Tədbirin üçüncü hissəsində Minarə Şükürova çay mədəniyyətimiz
haqqında təqdimatla çıxış edib. İştirakçılar Azərbaycan çayından
dadıb və milli geyimlərimizlə şəkil çəkdiriblər.

Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini özündə
birləşdirən bu tədbir iştirakçılar arasında böyük maraq doğurub və
mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir