
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi
tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair
maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
FHN-dən Trend-ə bildirilib ki, bu çərçivədə, Regional Mərkəz
tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən
çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə
təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri
keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə
təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə
məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları
barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət
edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara,
sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin
yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin
qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə
tövsiyələr verilib.