
Bakı.Trend:
“Elmlər Akademiyası” metro stansiyasının qarşısında piyadaların
təhlükə ilə üzləşdiyi kəsişmədə svetoforlara piyada bölmələri
quraşdırılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, tədbirlər zamanı Yasamal rayonu, Hüseyn Cavid
prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd
svetofora yeni piyada bölmələri quraşdırılıb. Bununla da, metronun
“Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha
çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli
vəziyyətin yaranmasının qarşısı alınıb.
Bildirilib ki, həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin
Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla,
4 ədəd piyada svetoforu quraşdırılıb.
Qeyd edilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin
əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək
zəruri hissələrin yeni svetofor və bölmələrlə təmin edilməsi işləri
davam etdirilir.

