Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur – SN

Cəmiyyət

Bakı.Trend:

Respublika Qan Bankının icraçı direktorunun müavini Afət
Zeynalova qan donorluğu ilə bağlı müsahibə verib.

Trend
müsahibəni təqdim edir:

– Qan donorluğundan kənarlaşdırmaya səbəb olan
hallara nələr daxildir?

– Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son
dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını
dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin
təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə
bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən
kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata
keçirilir.

Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS),
sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və
irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması,
ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri
yer alır. Bu kimi göstərişlər olduqda, donorluğa icazə
verilmir.

– Hansı hallarda donorlar müvəqqəti olaraq
qanvermədən uzaqlaşdırılır və bu müddət nə qədər davam
edir?

– Bəzi hallarda donorlar sağlamlıq göstəricilərinə
görə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskin
respirator xəstəliklərdə bu müddət adətən 2–4 həftə olur. Canlı
vaksinlərdən sonra donor 48 saatdan 4 həftəyədək gözləməlidir.
Cərrahi əməliyyatlardan sonra bu müddət 1 ilə qədər davam edir.
Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyə
olunur.

Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçün
kənarlaşdırma 1–3 il, əvvəlki il ərzində qan və ya qan komponenti
qəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəd
donorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasını təmin
etməkdir.

– Qanvermə orqanizmdə hansı fizioloji
dəyişikliklərə səbəb olur?

– Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qan
həcminin təqribən 8–10%-ni verir. Bu, təhlükəsiz olmaqla yanaşı
bədəndə regenerasiya proseslərini sürətləndirir.

Qan hüceyrələrinin yenilənməsi sümük iliyinin
aktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibi
təzələnir, toksinlərin xaric olunması sürətlənir. Bundan başqa,
dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sisteminin
yüklənməsi azalır.




– Qanvermə zamanı və sonra donorun vəziyyəti
ilə bağlı hansı xoşagəlməz hallar müşahidə edilə
bilər?

– Qanvermə prosesi ümumiyyətlə təhlükəsizdir. Bəzən
donorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik,
ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzində
keçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəl
düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qan
verdikdən sonra isə 10–15 dəqiqə istirahət etməlidir.

Səhiyyə Nazirliyinin Respublika Qan Bankında bu
təcrübələr peşəkar heyətin nəzarəti ilə həyata keçirilir.

– Qanvermənin ürək-damar və maddələr
mübadiləsinə təsiri nədən ibarətdir?

– Qanvermə qan viskozluğunu azaldaraq damarlar üzrə
dövranı yaxşılaşdırır, hipertoniya və damar tıxanıqlığı riskini
azaldır. Bundan əlavə, artıq dəmirin orqanizmdən çıxarılması
oksidativ stresin qarşısını alır, beləliklə infarkt və insult
riskini əhəmiyyətli dərəcədə azaldır. Metabolik proseslərin
normallaşması nəticəsində piylənmə və tip 2 diabetin yaranma riski
də azalır.

– Qanvermə ürək-damar və maddələr mübadiləsi
sistemlərinə hansı müsbət təsirləri göstərir?

– Donorluq qan qatılaşmasını azaldır, damar sistemində
dövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyi
təzyiqi zəiflədir. Bu isə, öz növbəsində, hipertoniya və damar
tıxanıqlığı riskini azaldır.

Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən
şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur. Bundan əlavə,
orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stres yaranır. Bu da
ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını
alaraq damar sağlamlığını qoruyur. Maddələr mübadiləsinin
normallaşması sayəsində piylənmə və tip 2 diabetin yaranma riski də
azalır.

– Qanverən şəxslər üçün prosesin psixoloji
üstünlükləri varmı?

– Donorun həyat xilas etdiyini bilməsi ona mənəvi
rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə
stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur.
Ümumilikdə qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyinin
qorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yol
qəzası qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslər
üçün qan həyati əhəmiyyət daşıyır.

Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinə
fövqəladə hallarda operativ qərar qəbul etməsi üçün daha geniş
imkanlar açır.