
Bakı. Trend:
Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq
göstərir.
Trend xəbər
verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev
Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman
adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə
Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı
deyib.
Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclər
artıq ərəb dilinə də böyük maraq göstərir:
“BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə
qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ən
zəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanın
daşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi
qədim dövrlərə dayanır.
İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas
sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu
dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşub, zəngin biliklər
qazanıb və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim
edib.
Bu missiyanın ən böyük daşıyıcılarından biri, əlbəttə ki, Bakı
Dövlət Universiteti və onun Şərqşünaslıq fakültəsidir”.