
Bakı. Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə
Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət
işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
dövlət ittihamçısı ittiham aktını elan edib.
İclasa ayrılan vaxt bitdiyi üçün ittiham aktının elanı
sonlandırılmayıb.
Məhkəmənin növbəti iclası 8 sentyabrda baş tutacaq.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin
fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının
Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin
sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət
əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil
etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin
icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin
təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət
sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul
vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə
mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq
məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və
cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan
artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə
müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən
olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət
Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə
mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə
əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda
vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə
saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin
179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar
Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə
istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə
qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək
məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə
həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində
iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata
ayrılmaqla ibtidai istintaq davam etdirilir.