Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilib (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd
təsərrüfatı potensialını tanıtmaq məqsədilə 15-17 avqust
tarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil
olunub.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü,
Göygöl rayin icra hakimiyyətinin, digər dövlət qurumlarının, o
cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun
dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam
edib.




Məlumata görə, festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin
təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ
həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes
Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd
təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri,
ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı
məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə
bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış
olublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar
əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha
geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması
baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bildirilib ki, festival çərçivəsində Kənd Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi,
Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və
xidmətləri ilə təmsil olunub.
Tədbir zamanı Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə dövlət
dəstəkli aqrar sığorta mexanimzi barədə təqdimat keçirib,
iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması,
fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə
geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə
tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə
sığorta ödənişləri təqdim olunub.

Qeyd edilib ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm
potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin,
mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm
əhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçı
sayının çoxluğu baxımından festival dövlət-özəl sektor
tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.