
Bakı. Trend:
Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq
Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının rəsmi
telekommunikasiya tərəfdaşı qismində çıxış edir.
Müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində “ICPC
Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi,
Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan”
icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı
şəhərində keçiriləcək.
Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın
universitet komandası iştirak edəcək. Beş günlük müsabiqə
çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və
proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Azercell, tərəfdaşlıq çərçivəsində, yarış iştirakçıları və
qonaqlar üçün kəsintisiz telekommunikasiya xidmətləri təqdim
edəcək. Şirkətin sürətli, etibarlı və dayanıqlı rabitə həlləri
tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya
proseslərinin effektiv və səmərəli həyata keçirilməsinə dəstək
göstərəcək.
Qeyd edək ki, Azərbaycanlı tələbələr 2005-ci ildən etibarən
ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA
Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya
Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə
edən ilk Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA
Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları
təmsil edəcək.
Azercell ölkədə rəqəmsal ekosistemin inkişafı, gənclərin İT və
İKT sahələrində bacarıqlarının artırılması və Azərbaycanın qlobal
texnoloji mövqeyinin gücləndirilməsi istiqamətində belə nüfuzlu
beynəlxalq layihələrə dəstək verməyə davam edir.