
Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman
adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı
Azərbaycanda “Ərəb dili ayı” elan olunub.
Trend
xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili
ayı”nın rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali
təhsil müəssisələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığının
və digər ərəb ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri, professor-müəllim heyəti və tələbələr
iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı
Krallığının Dövlət himnləri səsləndirilib.
Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru,
dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı”nın məqsədi, əhəmiyyəti və
tədbirin proqramı barədə məlumat verib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb
dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu,
əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və
mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm
rol oynadığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ərəb
dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni,
dini və elmi münasibətlərimizin əsas sütunlarından biri məhz ərəb
dilidir.
Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam
mədəniyyətinə qoşulub, öz elmi irsini ərəb dünyasına təqdim
ediblər. Bu missiyanın ən böyük daşıyıcılarından biri BDU və onun
Şərqşünaslıq fakültəsidir. Professorlar Ələsgər Məmmədov, Rəhim
Sultanov, Həsən Mahmudov, Mübariz Əlizadə, Aida İmanquliyeva,
akademik Vasim Məmmədəliyev və bir çox başqa görkəmli şəxsiyyətlər
ərəb dili və ərəb ədəbiyyatının Azərbaycanda öyrənilməsi və
tədrisinin əsas sütunlarını yaradıblar. Bu ənənəni bu gün də davam
etdirən müasir alimlərimiz var. Onların elmi fəaliyyəti nəticəsində
Azərbaycan şərqşünaslığı dünya elminin ayrılmaz hissəsinə
çevrilib:
“Azərbaycan ərəbşünaslıq məktəbinin formalaşmasında böyük rolu
olan alimlərin zəngin elmi irsi bu gün də gənc tədqiqatçılar üçün
örnəkdir. BDU-nun Ərəb filologiyası kafedrası Şərqşünaslıq
fakültəsinin əsas tədris və elmi-tədqiqat mərkəzlərindən biridir.
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ilə mümkün
əməkdaşlıq layihələri Universitetin tədris və tədqiqat imkanlarını
daha da zənginləşdirə və gənclərimiz üçün yeni perspektivlər aça
bilər.
Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra
ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəb
ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, yeni
layihələr müzakirə olunub. BDU-da ərəb dilinin tədrisini inkişaf
etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl
addımlar atılır. Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və
peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və
əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək”.
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş
direktoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan ilə ərəb dünyası
arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini
vurğulayıb.
Qeyd edib ki, Bakı Dövlət Universitetində “Ərəb dili ayı”nın
keçirilməsi yalnız elmi-mədəni hadisə deyil, həm də ölkələr
arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlar
açır.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli
bildirib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və
mühüm dillərindən biri sayılıb.
Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi
dillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili
Akademiyası ərəb dilinin qorunması, inkişafı istiqamətində mühüm
işlər görməkdədir. Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyasının
təşkil, Bakı Dövlət Universiteti ilə Bakı Avrasiya Universitetinin
ev sahibliyi etdiyi “Ərəb dili ayı” Səudiyyə Ərəbistanının ərəb
dilinə göstərdiyi diqqətin, onun müxtəlif xalqlara tanıdılmasının
açıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və
şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin
zənginləşməsinə böyük töhfə veriblər:
“Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük
maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu
universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili
mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək,
ölkələrimiz və xalqlarımız arasında yaxınlaşmanı
gücləndirəcək”.
Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov
Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsinin dil və
mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən, təhsil və
elmi əməkdaşlıq üçün yeni imkanlar açan əlamətdar bir hadisə
olduğunu deyib. O bildirib ki, belə bir ayın təşkili ərəb dilinin
respublikamızda yayılmasına, öyrənilməsinə və əsrlərlə formalaşmış
mədəni irsimizin qorunmasına dəstəkdir:
“Ərəb dilinin öyrənilməsi və tədrisi həm tarixi-mədəni irsimizin
qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm
əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların gələcəkdə daha
da genişlənəcəyinə və yeni əməkdaşlıq imkanları yaradacağına
inanırıq”.
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında
tanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsil
alan azərbaycanlı məzunların çıxışları olub.
Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb dili
üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri
mükafatlandırılıb.
Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı və
Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib.
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım
guşəsinə baxış keçirilib.
Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin
hazırladığı bədii proqram nümayiş olunub.