FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıb (FOTO)

Cəmiyyət

Bakı.Trend:

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli sexlərin
fəaliyyətini dayandırıb

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xəzər
rayonu, Buzovna qəsəbəsində yerləşən qapı-pəncərə istehsalı
sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki;

– obyektlər yanğına qarşı sistem və qurğularla təmin
edilməyib;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik
avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi
üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;




– obyektlər ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam
təmin edilməyib;

– yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib
olunmayıb.

Eyni zamanda, sözügedən obyektlərin xüsusi razılıq (lisenziya)
olmadan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə zidd olaraq “Yanğınsöndürmə texnikası
məhsullarının istehsalı və satışı, sınaqların keçirilməsi”
fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
sexlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və
Qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.