Sığorta ödənişlərində 8.2 faiz artım: sosial ayırmalarda da artımlar ola bilər?

Cəmiyyət

Bakı. Trend:

Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalarda proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2%
artım qeydə alınıb. Belə ki, büdcə təşkilatları üzrə daxilolma
126,9 milyon manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə
300,5 milyon manat və ya 14,0% artıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.




O bildirib ki, 2025-ci ildə Dövlət sosial müdafiə fondunun
gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard
676 milyon manat olacağı gözlənilir.

“Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları
üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza
nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əmək
haqqının artması və əmək və eləcə də xidməti müqavilələrdə müşahidə
edilən artım ilə bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında
Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada,
muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu
baxımdan, əmək haqqı fondunun artması məcburi dövlət sosial sığorta
haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib
çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə
ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq bu sosial
istiqamətə daha çox vəsaitin ayrılmsına səbəb ola bilər. Belə ki,
əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox
Dövlət sosial müdafiə fondunun gəlirləri hesabına ödənilir. Daha
çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir”,- deyə millət
vəkili əlavə edib.