
Bakı.Trend:
Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, bu
istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin
artırılması məqsədilə Astarada polis əməkdaşları tərəfindən
profilaktik tədbir keçirilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən
avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq
sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq
kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun
olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ
tələblər yoxlanılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb və
hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr
verilib.
Bundan əlavə, yol polisi əməkdaşları tərəfindən keçirilən
profilaktik tədbirlər zamanı idarə etdiyi “Vaz” markalı nəqliyyat
vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü
İsgəndər Hacıyev saxlanılıb. Yoxlanış və müvafiq tibbi müayinə
zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə
etdiyi müəyyən edilib. Barəsində toplanmış material baxılması üçün
məhkəməyə göndərilib və İ.Hacıyev 10 sutka inzibati qaydada həbs
edilib.