
Bakı. Trend:
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin
sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov
və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə
növbəti məhkəmə prosesi keçirilib.
Trend
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə şahidlər ifadə verib.
Şahid Arzuman Yaqubov bildirib ki, təqsirləndirilən şəxsləri
tanımır:
“Azərbaycana İrandan yuyucu tozların gətirilməai ilə məşğulam.
Sertifikat almaq üçün ona pul vermişəm. Hər məhsul üçün 100-110
manat ödəniş etmişəm. İstintaqa verdiyim ifadəni təsdiq
edirəm”.
Şahid Sərdar Xasayev ifadəsində bildirib ki, Türkiyədən
Azərbaycana gigiyenik vasitələr gətirirəm. Hər mal üçün 450 manat
ödəniş etmişəm. Ödəniş etməsəydim mənə sertifikat
verilməyəcəkdi.
Cinayət işi üzrə şahid qismində ifadə verən Kamran Əsədov
təqsirləndirilən şəxslərdən Tahir Vəliyevi tanıdığını məhkəməyə
bildirib:
“Tahir danışığımız olmasa da, onu tanıyıram . Mən ölkəyə
xaricdən krem gətirirəm. Bunun üçün də gömrüyə sertifikat təqdim
etməliyəm. 250-300 manat ödəniş etmişəm. Lakin ödənişlə bağlı mənə
heç bir çek verilməyib ”.
Cinayət işi üzrə ifadə verən “Saxa Kids” MMC-nin direktoru
Svetlena Allahverdiyeva bildirib ki, təqsirləndirilən şəxslərdən
yanlız biri ilə telefon danışığı olub:
“Mən hüquqi şəxsəm. “Saxa Kids” Türkiyədən, Almaniyadan ,
İngiltərədən uşaq geyimləri gətirir. Bizim mallar gömrükdə idi. Hər
gün üçün 100 dollar ödəniş etməli idik. Bizə dedilər ki, 300 manat
ödəniş edin, lisenziya verilsin. Hər məhsuldan nümunə götürüldü.
Adını dəqiq xatırlamıram. Samir, ya da Sahib adlı şəxs kart
göndərdi, ödəniş etdik, bizə lisenziyanı vatsapdan göndərdi”.
Məhkəmənin növbıti prosesi 16 sentyabrda baş tutacaq.
Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik
hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla
Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət
başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan
əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və
daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və
digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma
müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul
vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən
edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər
ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd
və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir
Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin
311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır
nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3
şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq
orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə
qətimkan tədbirləri seçilib.

