
Bakı. Trend:
Azərbaycan millisinin aparıcı voleybolçularından biri olan
Marqarita Stepanenko karyerasını yenidən Bakıda davam etdirəcək.
Təcrübəli hücumçu artıq UNEC voleybol komandası ilə müqavilə
bağlayıb. O, yeni mövsümdə UNEC klubunun qələbəsi uğrunda mübarizə
aparacaq.
Karyerası ərzində Polşa, Türkiyə, Rusiya, Macarıstan, Yunanıstan
və İsrail çempionatlarında yarışmış M.Stepanenko ötən mövsümü
İsrailin “Makkabi Aşdod” klubunda çempion kimi başa vurub. Bundan
əvvəl isə o, Yunanıstanda “Panatinaikos”la həm ölkə çempionluğunun,
həm də kubok qazanmağın sevincini yaşayıb. Həmçinin Rusiyanın
“Minçanka”sında çıxış etdiyi vaxt komandanın ilk dəfə elit
“altılığa düşməsində mühüm rol oynayıb.
Səkkiz ildən sonra Azərbaycan voleyboluna qayıdan təcrübəli
oyunçu UNEC barədə fikirlərini bölüşüb:
“Azərbaycana qayıtdığım və UNEC-də oynayacağım üçün çox şadam.
Klubdan peşəkar yanaşma gördüm və burada olmaqdan məmnunam. UNEC-in
gənc, iddialı komandası var. Mən də bu komandaya qoşularaq uğurlara
imza atmaq və azarkeşləri sevindirmək istəyirəm.”
M.Stepanenko həmçinin ölkəmizin ev sahibliyi edəcəyi Avropa
çempionatından da danışıb:
“2017-ci ildə Bakıda keçirilən Avropa çempionatı möhtəşəm
təşkilatçılıqla yadda qaldı. İnanıram ki, gələn ilki Avropa
çempionatında UNEC komandamız Azərbaycan azarkeşlərinin dəstəyi ilə
uğurlu nəticə əldə edəcək.”