
Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə
yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında
araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar
yoxlamalar həyata keçirilir.
Trend xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı
hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə
Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və
tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
Daxil olan sorğularda əməliyyatın “Dost Estetik Mərkəzi”ndə
keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR
Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki
müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək
üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin
özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi
Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat
bazasında mövcud deyil.
Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı
İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan
tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər
göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent
qəbulu və prosedurların icrası faktları aşkarlanmışdır. “UĞUR
Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər
ərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilən
pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək
Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci
maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunmuşdur.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini
davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə
orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı
İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin
qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

