
Bakı.Trend:
2025-ci il avqustun 20-də Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, iclası açan VK-nın sədri Anar Bağırov Rəyasət
Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verib. Sonra iclasın gündəliyinə uyğun
olaraq “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil
tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın
vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.
Qeyd edilib ki, iclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol
verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib,
1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda
məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin
fəaliyyətinə xitam verilib.
Məlumatda bildirilib ki, sonda Kollegiyanın fəaliyyəti ilə bağlı
digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri
qərarlar qəbul edilib.