
Bakı. Trend:
İtkin düşmüş şəxsin istintaq yolu ilə qəsdən öldürüldüyü müəyyən
olunub.
Trend xəbər verir ki, bu
barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin
üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların
araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks
tədbirləri həyata keçirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin
düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.
Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il
təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi
faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci
(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq
hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual
hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1998-ci il
təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra
fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr
müəyyən olunub.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və
aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim
edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq
tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir.