
Bakı. Trend:
Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin “1003-Çağrı Mərkəzi”nə daxil olan məlumat əsasında AQTA-nın
regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə
araşdırmalara başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat
verilib.
Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə
Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar
Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb
olduğu müəyyən edilib.
“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq
yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək
laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq
nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq.
İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı
araşdırmalar davam edir”,- deyə əlavə edilib.
Xatırladaq ki, avqustun 20-i saat 18:30 radələrindən başlayaraq,
zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın
cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının
Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Göstərilən tibbi
yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5
nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri
qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi
ehtimal edilir. Fakt araşdırılır.