Mingəçevirdə Çirkab Sutəmizləyici qurğu tikiləcək (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi
əhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyici
qurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyata
keçirir, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizə
aparır.

Trend xəbər
verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin
mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, texniki şərt əsasında abonent qoşulmalarını
həyata keçirir, tullantı su, o cümlədən su şəbəkəsində baş verən
hər hansı bir qəzanın aradan qaldırılması işlərini görür. Xətlərin
yenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal
İdarəsinin gördüyü işlərə aiddir:.

“Texniki şərt əsasında abonent qoşulmalarını həyata keçirir,
tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı bir
qəzanın aradan qaldırılması işlərini görür. Xətlərin yenilənməsi,
yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsinin
gördüyü işlərə aiddir”.

İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598
olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərin
sayğaclaşma səviyyəsi 97 faiz təşkil edir. Məhsuldarlığı sutkada 55
min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub
metr olan mərkəzi su anbarı tikilərək istismara verilib.

Şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir Su
Anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici
qurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindən
keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla
zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında
quraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilə
diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına
ötürülür.

Migəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov
Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumat
verərək qeyd edib ki, gün ərzində saatda 2500 kub su təmizlənib
mərkəzi su anbarına ötürülür. “Su anbardan diametri 1000
millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür.
Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksində
laboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibini
nəzarətdə saxlayır”.

Ceyhun Musaoğlu diqqətə çatdırıb ki, Mingəçevir Su Anbarından
sutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 Su
Anbarına daxil olur:




“Ümumiyyətlə Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340
kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə və
məhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı ilə
verilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos da
fəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xətt
çəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə Çirkab
Sutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununla
bağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyici
qurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlər
Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24
saat içməli su ilə şəhər təmin olunur. Bununla yanaşı baş verən
qəzaların aradan qaldırılması və qeyri-qanuni qoşulmalar, onlarla
mübarizə və yeni abonent xətlərinin texniki şərtə uyğun olaraq
çəkilməsi işləri görülür”.

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6
kilometrdir. O cümlədən, magistral boru xəttlərinin uzunluğu 62,5
kilometr, küçə və məhəllə daxili boru xəttlərinin uzunuğu 254,1
kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı su
təmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası vardır.

Layihədə həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü
65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsi
nəzərdə tutulub. Şəhər ərazisində Texniki şərtə uyğun olaraq yeni
qoşulmalar müntəzəm həyata keçirilir”.

Mingəçevir şəhər Sukanal İdarəsinin sahə ustası Elnur Ələkbərov
məlumat verib ki, Heydər Əliyev prospektində vətəndaşın texniki
şərtə uyğun müraciətinə əsasən 63 millimetrlik borudan abonentə 32
millimetrlik boruya çıxış verilir:

“İşlər bitdikdən sonra bu ünvan 24 saat fasiləsiz su ilə təmin
olunacaq”.

“Mingəçevir şəhər Sukanal idarəsinin həllinə çalışdığı əsas problem
su itkilərinin qarşısının alınmasıdır. Cari yarım ilin nəticələrinə
görə idarə üzrə su itkisi 54,5% olub. Bəzi abonentlər ikili
xətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərlə
bağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimai
əsaslarla inşa edilmiş 273 sayda bulaqlara idarə tərəfindən
fasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır.
Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarə
tərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olan
abonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonra
təminat bərpa edilir. Eyni zamanda suyun israf edilməməsi,
ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasında
maarifləndirici xarakterli söhbətlər aparılır.

Hazırda ünvanına baxış keçirilir. Sayğacdan keçməyən diametri 20
millimetr su xətti aşkar olunub. Xətt sayğacdan keçmədən evi su ilə
təchiz edir. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindən
ləğv olunub, abonentə cərimə aktı yazılıb”-məlumatda deyilir.

Mətbuat katibi Ceyhun Musaoğlu son olaraq bildirib ki, xüsusən
qızmar yay aylarında su itkisinin qarşısını almaq abonentlərin
fasiləsiz su ilə təminatında əsas rol oynayır:

“Çox təəssüf ki, şəhər ərazisində qeyri-qanuni qoşulmalar da
var. Gəlin suyumuzu qoruyaq, suyumuzun qayğısına qalaq, suyumuzu
indi elə istifadə edək ki, gələcək nəsillərə ötürə bilək”.