
Bakı. Trend:
Təhsil Tələbə Krediti Fondundan yeni qərarlar tələbələrin təhsil
imkanlarını genişləndirir.
Bu barədə Trend-ə TTKF-dan məlumat verilib.
Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi
rəhbərliyi həyata keçirən Himayəçilik Şurasının avqust ayında
keçirilmiş iclasında orta ixtisas və ali təhsil pillələrinə yeni
qəbul olmuş tələblərə dair mühüm qərarlar qəbul edilib.
“Məlumdur ki, orta ixtisas təhsili müəssisələrində standart növ
təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat
səviyyəsində abituriyentin topladığı balın minimum həddi
110-dur.
Qərara əsasən, orta ixtisas təhsilinin xüsusi qabiliyyət tələb
edən ixtisasları üzrə birinci tədris ilinin ilk semestrində
tələbələrin qəbul imtahanında toplamalı olduqları minimal bal həddi
40 bal olaraq müəyyən edilib.
Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil
tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ
təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil.
Digər vacib yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic
Aptitude/Assessment Test – SAT) imtahanı nəticələri ilə ali təhsil
müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu
tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə
krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi
1200 bal olaraq təsdiqlənib
Qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının
genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox
gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir”,- deyə
məlumatda qeyd edilib.

