Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığının rəqəmsallaşdırılması üzrə elmi-tədqiqat ekspedisiyasına start verilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub
saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə
öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və
gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ
Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun
dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata
keçirilir.

Trend xəbər
verir ki, ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15
nəfərlik mütəxəssis qrupu iştirak edir.

Tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının
hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin,
məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə
daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq
xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri,
ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin
elektron bazaya daxil edilməsi planlaşdırılır.




Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə
edən 3 yəhudi qəbiristanlığı mövcuddur. ki, burada 3000-dən artıq
məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil,
ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da
əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə
Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar
ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak,
Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ
yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı
sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən
olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı
Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq
vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli
yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək
və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı
qazanacaqlar.