
Bakı. Trend:
Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün
tədris planları təsdiqlənib.
Trend
xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr
imzalayıb.
Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrində
yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı
kimi müəyyənləşdirilir:
– qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün –
ən azı 10 uşaq;
– uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qrupları
regional təhsil idarələrinin razılığı əsasında yaradılır;
– şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün – ən azı 15
uşaq.
Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq
qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol
verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün
keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin
müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir.
Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman
dəqiqəsi keçirilir.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları
verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və
tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir,
uşaqların formativ qiymətləndirilməsi aparılır və bu barədə
valideynlərə məlumat verilir.
Bundan başqa, Azərbaycanın ümumi təhsil müəssisələrində tədrisi
nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus,
ərəb və fars dilləri arasından seçilir.
Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil
müəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I
sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində
öyrəndiyi əsas xarici dil hesab edilir.
Nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan
ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun
valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.

