Bakının daha bir küçəsinin piyadalaşdırılmasına başlanılır

Cəmiyyət

Bakı. Trend:

Bakı şəhərinin iki geniş piyada zonası olan Fəvvarələr meydanı
və Qış parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil
olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və
qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli
küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə
əsaslanan layihənin icrasına başlanılacaq.

Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
istinadən xəbər verir.

“Xatırladaq ki, XIX və XX əsrlərə aid tarixi tikililərin
əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun
mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur.
Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən
bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam
Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması
səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət
iştirakçıları tərəfindən geniş istifadə olunur”, – məlumatda
bildirilib.




Qeyd edilib ki, bütün bunları nəzərə alaraq piyadalar arasında
populyar ərazilər olan Qış parkı və Fəvvarələr meydanını
əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə
piyadalaşdırılması nəzərdə tutulur.

“Layihə həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin
inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi
abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsizliyini
artıracaq.

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə
avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi
parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə
köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda operativ və
kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait
yaradılacaq”, – deyə məlumatda qeyd edilib.