Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir. Bu gün
qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda
Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur,
inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni
infrastruktur layihələr həyata keçirilir. Dayanıqlı məskunlaşmanın
təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet
istiqamətlərdəndir. Burda investorlar üçün münbit şərait var.
Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan
çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq
subyektləri üzrə 2200-ə yaxın şəxs işlə təmin olunub. İlin
sonunadək digər obyektlər fəaliyyətə başladığında iş yerlərinini
sayı 5 mini ötəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, bu fikirlər bu gün Xankəndində səfərdə olan Rumıniya
Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku
Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi
nümayəndəliyinin rəsmiləri tərəfindən səslənib.

Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki,
Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub.
Bugünədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək
isə 800 ailənin köçürülməsi planlaşdırılıb. Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin
müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi
formalaşacağından danışıb. Qarabağ Universiteti bölgənin gənc
kadrlarla təmin edilməsi və elm mərkəzinə çevrilməsi üçün mühüm
əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin Maramureş
vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzəzrdən
keçirilə bilər.




İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya
Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin
Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar
təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə
Maramureş vilayətininn əməkdaşlıq imkanlarından söz açıb:

“Bura mədəniyyət və incəsənət sahəsində folklor, musiqi, rəqs və
teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini
simvolizə edən “Mədəniyyət günləri”nin keçirilməsi, turizm,
iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində əməkdaşlıq da
daxildir. Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli
səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlıq, ölkələr üçün də
vacibdir”.

Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif
hədiyyələr də təqdim olunub. Rumıniya parlamentinin üzvləri,
Xankəndi şəhərində gedən bərpa- quruculuq işləri ilə də tanış olub,
Qarabağ Universitetini ziyarət ediblər. Şuşa şəhərini də
gəziblər.