Müstəqil Azərbaycan gəncliyi “Yay Fest”də birləşdilər (FOTO)

Cəmiyyət

Bakı.Trend:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət
qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay
Fest” çərçivəsində 18-22 avqust tarixlərində keçirilən “Müstəqillik
tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb. Bu həftə də
respublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyunca
bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar.
Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və
ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən
öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə
sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi
formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan
ibarət olub.

Çadır formatında təşkil edilən düşərgənin proqramında
dövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və milli
dövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədilə
görüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar və
komanda oyunları həyata keçirilib. Təşkil olunan bütün fəaliyyətlər
iştirakçı gənclərə ən böyük sərvətimiz olan müstəqilliyimizin
qorunması və ölkəmizin inkişafında onların vətənpərvərliyinin,
istedad və təşəbbüslərinin əvəzsiz rol oynadığını və ölkəmizin
gələcəyinə birbaşa təsir etdiyini aşılayıb.

Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuş
fotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşü
gənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrin
mahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığın
əhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadir
fotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanın
müstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı əldə
ediblər.

Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və
“Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər – yoqa
dərsləri, mini kətan üzərində rəsm master-klassı, airsoft təlimi,
intellektual oyun, karate idman növü üzrə master-klass gənclərin
şəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaq
və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda,
düşərgə zamanı fləşmob keçirilərək iştirakçılar tərəfindən sülhün
rəmzi olan göyərçin simvolu canlandırılıb.




Hər günün yekununda təşkil edilən konsert proqramı, musiqili
müsabiqələr və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün şirin
gənclik xatirəsinə çevrilib.

29 avqust tarixinədək davam edəcək “Yay Fest 2025” çərçivəsində
ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi
dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”,
“Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya”
mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil
edilən Yay Fest Azərbaycan Respublikasının Gənclər Fondunun
dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,
“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin
təşkilatçılığı ilə həyata keçirilir.

Festivalın dinamik proqramına dair ən son yenilikləri və maraqlı
məqamları izləmək üçün “Yay Fest”in instaqram səhifəsini (www.instagram.com/yayfest.az/)
izləyə bilərsiniz.