Yasamalda baş verən məlum olayla bağlı DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Axar.az-a müsahibəsi:
– Belə iddialar səslənir ki, Yasamalda bir qrup sakinin xidmətdə olan polis əməkdaşlarının üzərinə məişət əşyaları və qaynar su atması ilə əlaqədar iyunun 7-də polis onları saxlamaq məqsədilə mənzillərinə daxil olmaları qanunsuz olub, yəni bununla bağlı məhkəmənin qərarı olmayıb….
– Tamamilə əsassız iddiadır. Hadisə mayın 6-da baş vermişdi. Məhz məkəmənin qərarı olmadığı üçün polis həmin gün sözügedən şəxslərə qarşı heç bir əməliyyat keçirmədi. Həmin 11 nəfərin mənzillərinə daxil olaraq saxlanılmaları üçün ayın 7-də məhkəmənin qərarı verildi və bundan sonra polis o sakinlərin evlərinə gedərək, onları saxlayıb, məsuliyyətə cəlb edilmələri üçün tədbir gördü.
– Həmin şəxsləri Polis İdarəsinə dəvət etmək olmazdımı? Özlərinin idarəyə gəlməsi ilə bağlı çağırış mümkün idimi?
– Xeyir. Ona görə ki, bildiyiniz kimi, həmin gün sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar insanların küçəyə çıxması qadağan idi.
– Məlumat yayıldı ki, həmin 11 nəfərə qarşı edilən kobudluğa görə polis onlardan üzr istəyib. Bu məlumat doğrudurmu?
– Yanlış məlumatdır. Sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozan, polisin qanuni tələbinə tabe olmayan, polisə qarşı müqavimət göstərməyə cəhd edən həmin 11 nəfərin saxlanılması tam qanunidir və polis də qanunun, hüququn ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib. Tədbir zamanı artıq daxili işlər orqanlarında xidmətdən kənarlaşdırılmış sabiq polis əməkdaşı bir qadına qarşı yersiz ifadə işlətmişdi ki, yalnız həmin qadından da üzr istənildi. Bildiyiniz kimi, müvafiq araşdırmalarla həmin şəxslərin törətdikləri hüquqazidd əməllər tam təsdiqini tapıb və məhkəmənin qanuni qərarı ilə onlar müxtəlif müddətə inzibati qaydada həbs ediliblər.