Kimi işə tələsir, kimi sevdikləri, dostları ilə görüşə… Bəziləri də sadəcə, şəhər mərkəzində olan kafe və restoranlarda vaxt keçirmək üçün buradan istifadə edirlər.
Hər gün səhər-axşam minlərlə insan metronun “28 May” stansiyasından istifadə edir.
Lakin iyunun 14-ü gecəyarıdan etibarən bir neçə rayon və şəhər kimi – paytaxt Bakı da səssizliyə bürünüb. Qədim Bakı yorğunluqdan sanki gecə-gündüz “yatır”.
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa yoluxma sayı artdığına görə, iki günlük sərt karantin rejimi tətbiq edib. İnsanların xüsusi hallar olmadığı təqdirdə evdən çölə çıxmalarına qadağa qoyulub.
Günün istənilən vaxtında sakinlərin Səməd Vurğun adına parkda istirahət etdiyini görə bilərik. Sərt karantin rejimi müddətində isə burada yalnız qoyulan qaydalara nəzarət edən polis əməkdaşlarını və tənha qalmış şairin heykəlini görürük.
Ziya Bünyadov prospekti, Dərnəgül ərazisi də pik saatlarda uzun tıxaclara şahidlik edirdisə, indi bu ərazi də boş qalıb. Eynilə Heydər Əliyev və Neftçilər prospektləri kimi…
Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq olunur və vətəndaşların küçəyə çıxması qadağan edilib.