2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsi Bakı metropoliteni üçün hər biri beş vaqondan ibarət olan müasir tipli dörd qatar istehsal etməlidir. Regiondakı mövcud vəziyyət nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC vaqonların istehsalı ilə bağlı məsələləri istehsalçı müəssisə ilə müntəzəm və hərtərəfli müzakirələrdə diqqətdə saxlayır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı “Metrovaqonmaş” SC dörd qatarın Bakı metropoliteninə təhvil verilməsi üzərində iş aparır və uzun illərin qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinə uyğun olaraq, bunun üçün bütün imkanlarından istifadə etməyə çalışır.
Müəssisə ilə aparılmış sonuncu danışıqlara əsasən, qatarların istehsalı prosesinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, qarşıdakı müddətdə də məsələ davamlı olaraq diqqətdə saxlanılmaqla araşdırmalar davam etdiriləcək.
Könül Cəfərli
www.102info.az