“Ordu ilə bağlı “qırmızı cizgi”ni keçmək yolverilməzdir” – RƏY + FOTO

Cəmiyyət

“Sosial şəbəkələrin mövcudluğu dövründə bəzi məlumatların məxfiliyini qorumaq, dezinformasiyaların qarşısını almaq çox çətindir. Təəssüf ki, bəzi insanlar ordumuzla bağlı hansısa məlumatı yayarkən bu işin məsuliyyətini başa düşmürlər”.

Bu sözləri “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Kiminsə həbs olunmasının tərəfdarı olmadığını bildirən ekspertin sözlərinə görə, ordu ilə bağlı dezinformasiyalar yayan və yaxud da məxfiliyi pozan şəxslər cəzalandırılmalıdırlar:

“Cəza ona görə tətbiq edilməlidir ki, səhvlərini anlasınlar. Kiçik bir ehtiyatsız davranış ordunun şəxsi heyətini zərbə altında qoya, əməliyyatın gedişinə təsir göstərə bilər. Silahlı Qüvvələrimizlə bağlı saxta, qeyri-dəqiq məlumat yayan insanlara qarşı mübarizə davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu iki il qabaq 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edən ordudur. Həmin qələbəni unutmaq, bu zəfərə kölgə salmaq olmaz”.

Ü.Cəfərov vurğulayıb ki, ordunun reputasiyasını daim qorumaq lazımdır:

“Çünki əsgər və zabitlər dövlətin əsas dayaqlarından biridir. Dövlət Təhlükəsizliyi Xidməti xarici kəşfiyyata işləyən, onların sifarişləri ilə müəyyən addımlar atan insanlara qarşı ciddi tədbirlər görüb və görməkdədir. Əlbəttə, bu mübarizə gələcəkdə də davam etməlidir”.

Ekspertin sözlərinə görə, yayılan qeyri-dəqiq məlumatlar bəzən məsuliyyətsizlikdən, bəzən maariflənmənin az olmasından, bəzən də digər səbəblərdən qaynaqlanır:

“Lakin səbəbin nə olmağından asılı olmayaraq, belə əməllərə bəraət qazandırmaq olmaz. Mən heç vaxt tənqidin əleyhinə olmamışam. Ancaq ordu ilə bağlı “qırmızı cizgi”ni keçmək yolverilməzdir. Bu, düşmən kəşfiyyatına işləmək deməkdir”.

Qeyd edək ki, son günlər bəzi sosial media istifadəçiləri Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlayıb. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunublar, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri – “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir