Moldova Rusiyanı özündən çıxara biləcək daha bir addım atıb. Hakimiyyət “ölkəni Rusiyadan qoparmaq üçün total anti-Rusiya informasiya sistemi” yaratmaq qərarına gəlib. Avropa İttifaqı da ona yardımçı olub. Moldova mediasına 14 milyon avro sərmayə qoyulur.
Moldova Ukraynanın ardınca Rusiyanın müdaxilə edə biləcəyi ölkələr sırasında ilk sıradadır. Proseslərin analizi bu qənaəti günbəgün artırır. Qərbin maliyyə və hərbi yardımlarından, eləcə də Avropa İttifaqına üzvlüklə bağlı vədlərindən ilhamlanan rəsmi Kişinyov Rusiyaya qarşı sərt bəyanat və addımlarının sayını artırır.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Qərbin maraqlarına cavab verir
Artıq 30 ildir ki, Moldova ərazisində Rusiya qoşunları “sülhməramlı” adı altında fəaliyyət göstərir. Dnestryanı adlanan qondarma bir qurum da qurublar. Sirr deyil ki, Ukraynadakı müharibə və onun gedişi rəsmi Kişinyovu müəyyən mənada cəsarətləndirib və rus qoşunlarının bölgədən çıxarılmasında israrlı görünür. İndi çoxlarını düşündürən əsas sual budur: Rusiya Moldovada yeni cəbhə aça, müharibənin miqyası genişlənə bilərmi? Görünən odur ki, Ukraynadakı müharibə Rusiya üçün gözlənilən nəticəni vermir və hər şey Moskvanın əleyhinə dəyişir. Moldovaya müdaxilə Qərbin maraqlarına cavab verir. Çünki bu zaman Qərbin Kremlə təzyiqləri daha da artacaq. Hətta istisna deyil ki, Qərb bu müdaxilə üçün Moskvanı təhrik edəcək. Bütün hallarda Rusiyanın Moldovaya müdaxiləsi Kreml üçün yeni “bataqlıq” yaradacaq.
Rusiya hədələyir
Gözlənildiyi kimi, Moldovanın Qərblə sıx əlaqələri, eləcə də, anti-Rusiya ritorikasının artması Kremli təşvişə salır. Məsələ o qədər böyüyüb ki, Rusiya parlamentariləri Moldova ilə bağlı müzakirə açıblar. Xəbərdar ediblər ki, Moldovanın Qərblə birləşib Rusiyaya qarşı “ikinci cəbhə” açması onun dövlətçiliyi üçün fəlakətli olacaq. Rəsmi olaraq tədbir Rusiya sülhməramlı kontingentinin Dnestryanı bölgəyə daxil olmasının 30-cu ildönümünə təsadüf edib. Xatırladaq ki, 1992-ci ildə Rusiyanın 14-cü ordusu Moldova və Dnestryanı arasında silahlı münaqişənin deeskalasiyasına nail ola bilib. Federasiya Şurasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Rakitin qeyd edib ki, münaqişəni yaradan səbəblər hələ də aradan qaldırılmayıb. Bu ilin aprelində isə Dnestryanıda partlayışlar səslənib. Yerli hakimiyyət onları “Ukrayna izi olan terror hücumları” kimi görsə də, Kişinyov Tiraspolu sabitliyi pozmaq cəhdində ittiham etməyi üstün tutub. Qondarma qurumun rəhbəri Vadim Krasnoselski bölgə ilə bağlı təhlükəsizlik sənədinin imzalanmasını təklif edib. “5+2” (Moldova, Dnestryanı, ATƏT, Rusiya, Ukrayna vasitəçi qismində, həmçinin ABŞ və Aİ-dən müşahidəçilər) danışıqlar formatının iştirakçılarına təminat verir. Dnestryanı bölgədə Moldovanın demarşından qorxurlar. Onlar hesab edirlər ki, Kişinyov 1992-ci il müqaviləsindən çıxarsa, bu, hərbi əməliyyatlara səbəb ola bilər”.
Moldova ordusunu gücləndirir
Bütün bunların fonunda Moldova prezidenti Maya Sandunun Rusiyanı təcavüzkar ölkə adlandırması münasibətləri daha da gərginləşdirib. Sandu etiraf edib ki, Moldova ordusu modernləşdirilir, lakin Aİ-dən yalnız “öldürücü olmayan texnika” alınır. Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta deyib ki, Rusiyaya qarşı müdafiənin yeganə yolu silahdır, ona görə də biz Qərb tərəfdaşlarından Moldovanı rabitə sistemləri ilə deyil, müdafiə silahları ilə təchiz etmələrini xahiş etməliyik. Onun fikrincə, Moldova neytrallığını ləğv etməli və NATO-ya daxil olmalıdır: “Neytral statusdan imtina etmək və Aİ-yə inteqrasiya ilə paralel olaraq NATO-ya inteqrasiya etmək lazımdır. Sonra biz alyansın təhlükəsizlik sisteminə daxil olacağıq və etibarlı şəkildə qorunacağıq. Amma indiyə qədər siyasətçilərimiz Aİ və ABŞ-dan öldürücü olmayan silahların tədarükündən danışırlar. Yalnız parlamentin rəhbəri İqor Qrosu qeyd edib ki, lazım gələrsə, öldürücü silahlar da sifariş verilə bilər. Hazırkı müdafiə naziri qeyd edib ki, bu gün orduda yalnız köhnəlmiş silahlar var”. Eyni zamanda o, Maya Sandunun sözlərini xatırladıb: “Rusiya bizə hücum etsə, nə edəcəyik?” Vitali Marinuta hesab edir ki, Moldova hakimiyyəti artıq ölkəni qorumaq üçün real tədbirlər haqqında qərar verməlidir.
Aİ-dən Rusiya təbliğatına qarşı sərmayə
Yeri gəlmişkən, Moldova Rusiyanı özündən çıxara biləcək daha bir addım atıb. Hakimiyyət “ölkəni Rusiyadan qoparmaq üçün total anti-Rusiya informasiya sistemi” yaratmaq qərarına gəlib. Avropa İttifaqı da ona yardımçı olub. Belə ki, Moldova mediasına 14 milyon avro sərmayə qoyulur. Rumıniyalı deputat Eugen Tomac hətta sərmayənin məqsədini açıqlayıb: “Putinin təbliğatına qarşı mübarizə aparılmalıdır”. 5 milyon avro strateji kommunikasiya, araşdırma jurnalistikası və dezinformasiya ilə mübarizəyə, 1 milyon avro respublikanın regional mediasına, 8 milyon avro isə EU4 Müstəqil Media proqramı vasitəsilə paylanacaq. “Biz Putinin təbliğatına qarşı bütün gücümüzlə mübarizə aparmalıyıq”, – Tomas izah edib. Görünən odur ki, yaxın vaxtlarda daha bir postsovet məkanında vəziyyət gərginləşə bilər. Moldovanın bunun üçün əsası var. Öz ərazisində separatizmi məhv etmək istəyir. Rusiya hansı səbəbləri əsas gətirib müdaxilə edəcək? Bu sual isə hələ ki açıq qalır.
www.102info.az