2 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserində əlilliyi olan şəxsin qarşılaşdığı problemə TƏBİB-dən CAVAB – FOTO

Cəmiyyət

Azərbaycanda xəstəxanaların bir çoxunda pandusların olmaması əlilliyi olan şəxsləri narahat edir.

Bu barədə vətəndaşlardan biri özünün sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, əlilliyi olan Rəfail Quliyev adlı sosial şəbəkə istifadəçisi paytaxtın 2 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserində qarşılaşdığı problemi paylaşıb:

“Dispanserin girişindən tutmuş daxili infrastrukturuna qədər əlilliyi olan şəxslər üçün problemdir. Həkimlər ikinci mərtəbədə otururlar. Onlara yaxınlaşa bilmirik. Çünki şəkildə gördüyünüz hündür pillələr imkan vermir. Ona görə də iki saatdan çox həkimin yaxınlaşmasını gözlədim. Təqribən bir saat da reseptin yazılıb gətirilməsini gözlədim. Bu arada deyim ki, həkimdə günah yox idi.

Həkimin qapısı ağzında gözləyən pasiyentlər də mənim kimi xəstələr idi. Onlara da xidmət göstərilməli idi. Burada bir günahkar varsa, o da müəssisəyə rəhbərlik edənlərdir. Xidməti düzgün qurmayıblar. Belə olan halda həkimin köməkçisi olmalıdır. Eyni zamanda ölkədə əlilliyi olan şəxslər nəzərə alınmalıdırlar. Qapının girəcəyində 20 sm hündürlüyü olan pillələr var. Ora bizim kimi əlilliyi olan şəxslərin rahatlığı üçün pandus qoymaq üçün cəmi iki vedrə çınqıl, bir vedrə sement lazımdır. Onu etmək, görəsən, çoxmu çətindir?!”

Ümumiyyətlə, vətəndaşın bildirdiyi irad yalnız sözügedən müəssisədə deyil, bir çox digər müəssisələrdə də mövcuddur. Hazırda söhbət tibb müəssisəsindən getdiyi üçün məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, TƏBİB-in tabeliyində olan 2 saylı Dəri-Zöhrəvi Dispanseri ikimərtəbəlidir və müəssisədə lift sistemi qurulmayıb:

“Fiziki məhdudiyyəti olan şəxslər üçün dispanserin birinci mərtəbəsində xüsusi kabinet yaradılıb. Bu cür müraciətlər olduqda həkimlər birinci mərtəbəyə çağırılırlar və pasiyentlərin müayinə proseslərinə başlanılır. Dispanserin Laboratoriya bölməsi də birinci mərtəbədə yerləşdiyindən fiziki məhdudiyyəti olan şəxslərdən laborator analizlərinin götürülməsi üçün ikinci mərtəbəyə qalxmağa ehtiyac qalmır. 

Qapının girişində olan pilləyə gəldikdə isə oraya pandus qurulması nəzərdə tutulub”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir