Bakıda küçədə halı pisləşən vətəndaşa çağırılan təcili yardımın gəlməməsi iddiasına TTYM-dən CAVAB – VİDEO

Cəmiyyət

Bakıda küçədə vəziyyəti pisləşən şəxsə təcili tibbi yardımın kömək etmədiyi iddia olunur.

Bu barədə bloqer Ülviyyə Əsədli özünün sosial hesabında paylaşım edib. Bloqer iddia edir ki, paytaxtın Rəşid Behbudov küçəsində epilepsiya xəstəsi olan bir nəfərin vəziyyətinin pis olduğunu görüb, təcili yardıma zəng edib:

“Bir saatdır, təcili tibbi yardımın “103” Çağrı Mərkəzinə zəng edirəm. Yolun ortasında epilepsiya keçirən adam var, ona təcili yardım briqadası göndərilməsini deyirəm. Buraya bir adam göndərmədilər. İnsan qalıb burada küçədə, heç kim ona kömək etmir, təcili yardım da gəlmir. İnsanlar yanından keçib gedir, kömək eləmirlər. Bayaqdan telefonla danışıram, yüz dəfə izah edirəm, deyirlər ki, “Kimdir, nəçidir? Şəxsiyyət vəsiqəsi var?” və s.”.

Məsələ ilə bağlı Respublika Təcili Yardım Stansiyasına sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, iddia edilən çağırışla bağlı araşdırma aparılıb:

“Sözügedən çağırışla bağlı “103” Çağrı Mərkəzinə vətəndaş tərəfindən heç bir müraciət daxil olmayıb. Bütün daxil olan zənglər araşdırılıb. Gün ərzində “112” qaynar xəttindən bir küçə çağırışı ilə bağlı müraciət daxil olub, xəstə ilə və ya xəstə üçün zəng edən şəxslə bağlı heç bir əlaqə nömrəsi təqdim edilməyib. Məlumat R.Behbudov küçəsində gül mağazasının qarşısı (təxminən “Medical Plaza”nın yaxınlığı deyilib) kimi bildirilib, bir nəfərin halının pisləşdiyi deyilib. Zəng daxil olub 08:47-də, briqada isə əraziyə 08:52-də yollanıb. Həkim qeyd edilən təxmini ünvanda heç kimi aşkarlamayıb. Buna baxmayaraq, Neftçilər prospektinin Bakıxanov küçəsinə qədər bütün küçəboyu gül mağazalarının qarşısı axtarılıb, lakin daxil olan müraciətdəki vətəndaşı tapmaq mümkün olmayıb.

20 dəqiqə ərzində təcili tibbi yardım briqadası şəxsi axtarıb, tapa bilmədiyi üçün həkim stansiyaya müraciət edib və daha sonra briqada stansiyaya geri çağırılıb”.

Məlumatda o da qeyd edilib ki, küçə çağırışlarında Təcili Tibbi Yardım Stansiyasının operatorları şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etmirlər. Eyni zamanda vətəndaşın nömrəsinin əngəlləndiyinə dair iddialara da münasibət bildirilib:

“Bu istiqamətdə irəli sürülən iddialar əsassızdır. Təcili Tibbi Yardım Stansiyasının “103” Çağrı Mərkəzində telefon nömrəsinin əngəllənməsi ilə bağlı heç bir funksiya yoxdur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir