İnflyasiyanı necə ram etməli?

Cəmiyyət

“Hökumətlərin qarşısında dayanan əsas məsələ enerji qiymətlərinin optimal səviyyəsinin tapılması, təchizatının şaxələndirilməsidir. Amma bu, bir çox hallarda hökumətlərin daxili siyasətindən asılı olmayan, yəni xarici səbəblərdən qaynaqlanan bir məsələdir. Ona görə də…”

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib ki, inflyasiya daimi olarsa, qlobal iqtisadi mənzərə daha da pisləşə bilər. O, inflyasiyanın azalmamasının bərpa prosesini riskə atacağını və həssas insanların həyat standartlarına daha çox zərər verə biləcəyini bildirib. BVF rəhbəri inflyasiya ilə mübarizə aparmaq üçün hakimiyyət orqanlarını təcili tədbirlər görməyə çağırıb. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

İnflyasiyaya səbəb olan amillər  

İqtisadçı ekspert Rəşad Həsənov “Kaspi”yə açıqlamasında bildirdi ki, inflyasiya 2020-ci ildən başlayıb: “Pandemiya və ölkələrin kütləvi şəkildə karantin tədbirləri görməsi, demək olar ki, iqtisadiyyatın bütün halqalarında fasilələr yaratdı. İstehsal azaldı, anbarlarda olan məhsullar tükənməyə başladı. Ölkələrarası ticarət dayandı və nəqliyyat xərcləri artdı. Belə bir zamanda işçilərin işə çıxmasının məhdudlaşdırılması şirkətlərdə məhsul istehsalının maya dəyərini artırdı. Bütün bunlar son nəticədə istehsalat prosesində müəyyən ləngimələrə və bahalaşmaya gətirib çıxardı”.

Müharibə və pul kütləsinin artması 

Ekspert bildirdi ki, inflyasiya prosesi 2022-ci ildə Rusiya-Ukrayna konflikti ilə daha da dərinləşdi: “Çünki konflikt enerji məhsullarının, xüsusilə də neftin qiymətinin kəskin bahalaşmasına gətirib çıxardı. Əgər neft bahalaşırsa, bu da  bütün mal və xidmətlərə təsir edir. Çünki neft elə məhsuldur ki,  bütün mal və xidmətlərin maya dəyərinə, istehsalına, daşınmasına təsir edir. Pandemiyaya görə hökumətlər sosial paketlər fonunda insanların alıcılıq gücünü, ailə büdcələrini dəstəkləmək üçün bazara pullar buraxırdı. Həmin pullar da rahat gəlir, rahat da xərclənirdi. Belə olduğu təqdirdə, bazarda pul kütləsinin həcmi artdı. Pul kütləsinin artması da inflyasiya prosesini dəstəkləyən faktordur”.  

“Hökumətlərin addımlarından asılı olacaq”

Rəşad Həsənovun sözlərinə görə, inflyasiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çox çətindir: “Görünən odur ki, istehsal qiymətləri artıb. Lakin bazarda istehlak qiymətləri o qədər də artmayıb. Bu o deməkdir ki, növbəti mərhələdə istehsal qiymətlərində baş verən artım son nəticədə bazara, istehlak qiymətlərinə sirayət edəcək. Bu proses hökumətlərin, mərkəzi bankların addımlarından asılı olacaq. Sabit məzənnə rejimini tətbiq etməklə və qapalı, dar bazarda müəyyən məhsullar üzrə inzibati yollarla təchizatçılara və istehsalçılara təsirlər etməklə qiymət artımlarını qismən, mərhələli şəkildə təmin etmək olar. Yaponiya, ABŞ, İngiltərə kimi ölkələrdə inflyasiya ilə mübarizə tədbirlərinə start verilib”.

“O qədər asan həll edilməyəcək”

Ekspertin fikrincə, bu proses təkcə hökumətlərin daxili siyasətindən asılı deyil: “Hökumətlərin qarşısında dayanan əsas məsələ enerji qiymətlərinin optimal səviyyəsinin tapılması, təchizatının şaxələndirilməsidir. Amma bu, bir çox hallarda hökumətlərin daxili siyasətindən asılı olmayan, yəni xarici səbəblərdən qaynaqlanan bir məsələdir. Ona görə də, düşünürəm ki, o qədər də asan həll edilə bilməyəcək”.  

Uzun müddət belə davam edərsə… 

Rəşad Həsənov inflyasiyanın Azərbaycana təsirindən də danışdı: “Azərbaycanda istehsal qiymətləri indeksi çox yüksəkdir. Alıcılıq imkanının məhdud olması, müəyyən mənada təzyiqləri neytrallaşdırır. Yəni bahalaşma tam olaraq hələ öz əksini tapmayıb. Bu o deməkdir ki, növbəti dövrlərdə də bahalaşma olacaq. İstehsalçı son nəticədə məhsulun real və ədalətli bazar qiymətini tətbiq etməlidir. Uzun müddət belə davam edərsə, yəni maya dəyəri daha çox olursa, amma bazarda satış qiyməti artmırsa, o zaman istehsalda maraq, marjinal mənfəət aşağı düşür, dolayısı ilə istehsalçılar bazardan çıxır. Bu da qıtlıq və bahalaşmanı şərtləndirir”.

Dünyanın Azərbaycana təsiri

İqtisadçı deyir ki, dünya bazarlarında məhsulların qiyməti artırsa, Azərbaycanda da bahalaşma gedəcək: “Daxili bazarın strukturu inflyasiyanı dəstəkləyir. Çünki kifayət qədər liberal bazarımız yoxdur. İnhisarçılıq geniş yayılıb. Belə olduğu təqdirdə, şirkətlər qiymətləri daha rahat şəkildə bahalaşdıra bilir. Hökumət məzənnəni sabit saxlamaqla proseslə mübarizə aparır. Digər sahələrdə yerli istehsalın dəstəklənməsi, idxalın təşviq edilməsi uzunmüddətli dövrdə nəticə verə bilən bir prosesdir”.

“Qısamüddətli tədbirlər effekt verə bilməz”

Ekspert inflyasiyaya qarşı görülməli olan tədbirlərdən də danışdı: “Bazarda təklif artırılmalıdır. Təklifi artırmaq üçün idxalı təşviq etmək lazımdır. Taxıl, buğda, un, şəkər, bitki yağı kimi məhsullarda subsidiyalaşma olmalıdır. Yerli istehsaldakı problemlər uzunmüddətli tədbirlərlə həll edilməlidir. Çünki qısamüddətli tədbirlər effekt verə bilməz. Azərbaycanda bazar liberallaşdırılmalı, ədalətli rəqabət mühiti yaradılmalı, məmur müdaxiləsi tamamilə aradan qalxmalıdır”.

Rəşad Həsənovun fikrincə, hökumət tədbirlər görür, lakin nə vaxt nəticə verəcəyi məlum deyil: “Nazirlər Kabineti daxili istehsalın gücləndirilməsi, istehlak səbətinə daxil olan ərzaq məhsullarının istehsalını, idxalını həm subsidiyalaşdırmaq, həm də istehsal həcmini artırmaq, ehtiyatların yaradılması, maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı proqramlar hazırlayır. Amma bunun nə vaxt nəticə verəcəyini indidən proqnozlaşdırmaq çox çətindir”.  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir