İqlim dəyişikliyinə qarşı mübarizə Ukraynada müharibənin başlaması ilə prioritetini itirməyə başlayıb. Belə ki, Rusiya qazından imtina edən Avropa ölkələri yenidən daş kömürdən istifadəyə qayıdacaqları barədə açıqlamalar veriblər. Bu qərardan sonra BMT səviyyəsində qlobal istiləşmə və onunla mübarizə probleminin yenidən necə gündəmə gətiriləcəyi barədə müzakirələr davam edir. Dünya ölkələri bir tərəfdən iqlim dəyişmələrinə sərmayə yatırmağa davam edərkən, digər tərəfdən sanksiyalar səbəbindən daş kömürə keçidlə bağlı açıqlamalar verirlər. Bəs bu addım qarşıda bizi daha böyük iqlim problemləri ilə üz-üzə qoya bilərmi?
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqlimşünas Qorxmaz İbrahimli qeyd edib ki, bu gün qlobal istiləşmədən daha təhlükəli bir məsələ var, o da Rusiyanın artıq 300 ilə yaxındır, bəşəriyyətin başına bəla olmasıdır:
“Bəşəriyyət bu bəladan qurtulmaq istəyir. Ona görə də Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətindən çəkindirmək üçün yeni bir variant təklif olunub və əsas gəlir mənbələrindən biri sayılan təbii qazın Rusiyadan alınmasından imtina edilməsi qərarlaşdırılıb. Belə ki, bir çox ölkələr yenidən daş kömürdən istifadəyə qayıdacaqlarını elan ediblər. Nəzərə almalıyıq ki, Almaniya və Fransa, eyni zamanda digər Avropa ölkələri uzun illər daş kömürdən istifadə ediblər, son illər isə qazdan istifadəyə keçiblər. Çin və Hindistan kimi ölkələr isə bu günün özündə də daş kömürdən istifadə edirlər. Bu baxımdan daş kömürdən istifadəyə qayıtmaq məsələsini faciəyə çevirmək lazım deyil, sadəcə, karbon emissiyalarında bir qədər artım ola bilər”.
Q.İbrahimli qeyd edib ki, pandemiya səbəbindən iki il ərzində dünyada hərəkətlilik olmadı:
“Bu, ətraf mühitin sağlamlaşmasına təsir etsə də, karbon emissiyası hiss ediləcək qədər azalmadı. Ona görə bəşəriyyətin xilas olunması, bu gün istər Ukraynada, istər Cənubi Qafqazda, istərsə də bir sıra digər bölgələrdə Rusiyanın təsirinin azaldılması üçün çıxılan yolda məqsədə çatmaq üçün daş kömürdən istifadəni məqbul sayıram”.
Ekoloq Çingiz İsmayılovun sözlərinə görə, indi qlobal mühitdə gedişat onu göstərir ki, siyasi amillər iqtisadi və ekoloji amildən daha öndədir:
“Onun üçün də fikrimcə, ətraf mühitdə tullantıların artması ehtimalına baxmayaraq, daş kömürə yenidən qayıtmaq prosesi davam edəcək. Daş kömürdən istifadənin artması ilə ətraf mühitin çirklənməsi də davam edəcək”.
“Havanın temperaturunun dəyişməsi, yəni artması barədə birmənalı fikir yoxdur ki, buna yalnız tullantılar səbəb olur. Alimlərin bir qismi iqlim dəyişməsinin təbii proses olması ilə razılaşıb. Yəni burada insanın rolu olsa da, həlledici deyil. Həlledici məqam təbiətdə gedən proseslərdir. İqlim tarix boyu dəyişib və dəyişəcək”.
Aysel Aslanqızı
www.102info.az