“Azərbaycan televiziyasının çox güclü ənənələri, bütün dünyada olmayan arxivi var”.
Bunu Oxu.Az-a televiziyaların bugünkü fəaliyyəti ilə bağlı müsahibəsində yazıçı, publisist Həmid Herisçi deyib.
Müsahibəni təqdim edirik:
– Həmid bəy, hər kəs Azərbaycan televiziyalarının fəaliyyətindən narazıdır. Sizcə, tamaşaçı nəyi görmək istəyir?
– Bu fikirlə razı deyiləm. Azərbaycan televiziyası Şərqdə ilk olub. Adamlar müsbətləri görmək istəmirlər. Biz ancaq xalq olaraq nöqsana meyilliyik. Nöqsanlarla səs-küy yaratmağa çalışırlar. Nöqsan televiziyada deyil, onu axtarandadır. Həyat təkcə nöqsanlardan ibarət deyil. Müsbətlərə yönəlməliyik. Azərbaycan televiziyasının mötəbər, mükəmməl ənənələri var. Yaxşını görməyib, pisi axtaranlar şan-şöhrət üçün bunu edirlər. Ənənə hər zaman qalır. Nöqsanlar əsas deyil.
– Televiziyalarla bağlı əsas narazılıq aparıcıların səviyyəsi ilə bağlıdır. Yüksək ənənələri özündə daşıyan Azərbaycan televiziyasında kimlər yer almalıdırlar?
– Elə “aparıcı”lar ölçü vahidi hesab oluna bilməzlər. Onları standarta çevirməsək, daha yaxşıdır. Müzakirə edib, adlarını çəksək, onları populyarlaşdırmış olarıq. Belələri həmişə olub, olacaq da. Televiziyada həvəskar yox, peşəkarlar yer almalıdırlar.
– Azərbaycan televiziyasını Şərq və Qərbdəkilərlə müqayisə etsək, hansı nəticəyə gələ bilərik?
– Azərbaycan televiziyasının ənənələri heç bir Avropa ölkəsində yoxdur. Azərbaycan Dövlət Televiziyasında səhv axtarmaq eşqi gülüncdür. Azərbaycanın televiziya mədəniyyəti İranda, Türkiyədə belə yoxdur. Bütün dünyada televiziya həvəskar bir qurumdur. Ən pis işlər də elə orada baş alıb gedir. Yaxşını görməyəndə belə olur.
Yaxşıya doğru hədəflənmək lazımdır. Yeni verilişlər, layihələr qurulur, kinofilmlər, psixoloji filmlər çəkmək hədəfi var. Bunun yaxşı tərəfləri olacaq. “Mozalan” ənənəsi yox olmaq üzrədir. Bu gün 1950-70-ci illərin süjetlərini tapıb çıxarıb, verilişdə göstərirəm. Sizi inandırım ki, Qərb TV-lərində heç belə mükəmməl süjetlər yoxdur. Lakin heç kəs qiymət vermir.
– Televiziyalarda insanların şəxsi həyatını gündəmə gətirib, müzakirə edirlər. Hətta ən reytinqli verilişlər sosial problemlərin müzakirə olunduğudur. Bu məqam nə dərəcədə doğru hesab oluna bilər?
– Azərbaycan televiziyasında insanların şəxsi həyatının ortaya qoyulması ənənəsi yoxdur. Bu, Qərb televiziyasından irəli gələn bir məsələdir. Bizim ənənələrdə bu məqam yer almır. Hamısı Qərbdən gələn ənənələrdir.
– Azərbaycanın efir məkanında keyfiyyət dəyişikliyinə necə nail olmaq olar?
– Televiziyanı bu gün reytinq şirkətləri idarə edir. Özü də Qərb şirkətidir. Reklam zənbilini o paylayır. Zövq oradandır. Əslinə qalsa, bizim tamaşaçılarımızın zövqü o deyil. Bütün iradlar Azərbaycan televiziyasına yox, onları idarə edən Qərb reytinq şirkətlərinə ünvanlanmalıdır. Bu cür şirkətlər, saxtakar saytlar televiziyanın nöqsanlı olduğunu deyirlər. Bununla da müsbətləri gözdən qaçırırlar. Televiziyalarda ciddi qüsur görmürəm. Bizim jurnalistlərdə və reytinq şirkətlərində nöqsan görürəm.
Nəzrin Vahid
www.102info.az