Bakıda ağır avtomobil qəzası törədərək iki nəfərin ölümündə təqsirləndirilən Səbuhi Şəfiyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə bu ilin martında Qaradağ rayonunda baş verib.
Belə ki, S.Şəfiyevin idarə etdiyi MAN markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxıb. Bu zaman yük avtomobili qarşı yolda hərəkətdə olan “Mercedes-Benz” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə “Mercedes-Benz”in sürücüsü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüblər.
Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
S.Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham irəli sürülüb.
www.102info.az