“İyul ayının 18-i Protez-Ortopedik Bərpa Mərkəzinə getdim. Bir gün sonra məni protezlə təmin etdilər. Bununla bağlı heç bir problem yaşamadım. Ayağım sonradan, yəni bu il fevralın 15-də amputasiya olunduğu üçün əlillik dərəcəsini gec aldım. Alan kimi də ayağımın ölçüləri götürüldü”.
Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Nurlan Aydınov deyib. 1990-cı il təvəllüdlü qazimiz evlidir və üç övladı var.
Müsahibəni təqdim edirik:
– Necə oldu müharibəyə yollandınız? Könüllü qatılmısınız, yoxsa çağırışla getmisiniz?
– Müharibədən əvvəl hərbçi olmuşam, 2017-ci ildə kiçik gizir kimi xidmətə getmişəm və qrup komandiri olmuşam. Ona görə də 2020-ci il 27 sentyabrda müharibə başlayan kimi biz də Murov istiqamətində döyüşlərə yollandıq.
– Hansı ərazilərdə xidmət etmisiniz?
– Murov, Talış kəndi, Suqovuşan istiqamətində döyüşmüşəm. Suqovuşan alınan gün, oktyabrın 3-də Talış istiqamətində yaralanmışam və xidmətim başa çatıb.
– Hansı medallarla təltif olunmusunuz?
– “Cəsur döyüşçü”, “Suqovuşanın alınmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olundum.
– Təqaüd nə vaxt ayrıldı?
– Prezident təqaüdünü bu ay almışam, amma hələ ki hərbidən maaş aldığıma görə pensiya almıram. Bundan sonra hərbçi kimi iki ay maaş alacam, ondan sonra isə pensiya ayrılacaq.
– Müharibədən sonra dövlət tərəfindən nə kimi qayğı göstərilib?
– Dövlətdən sığorta, Yaşat Fondundan da pul verilib. Həmçinin protezlə təmin ediblər. Ötən müddət ərzində icra başçımız daima baş çəkib, köməklik göstərib.

Sayad Həsənli
www.102info.az