Nazirlik rəsmisi: “Azərbaycanda tornadolar tez-tez müşahidə edilə bilər”

Cəmiyyət

“Azərbaycan qlobal istiləşmənin qarşısının alınması üçün könüllü olaraq üzərinə bir sıra öhdəliklər götürüb”.

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

O bildirib ki, Azərbaycanın götürdüyü öhdəliklərdən biri atmosferə atılan qazların həcminin 35% azaldılmasıdır:

“Əvvəllər bizdə elektrik enerjisinin istehsalı xüsusilə mazut hesabına həyata keçirilirdisə, indi biz onu təbii qazla əvəz etməklə həmin dediyimiz 30-35% azalmaya nail olmuşuq. Beynəlxalq təşkilatlarla əməkdaşlığa, gələcək perspektivə gözlənilən əməkdaşlığa əsaslanaraq, biz azalmanı hətta 40%-ə çatdıra biləcəyimiz barədə məsələ qaldırmışıq.

İri sənaye dövlətləri – ABŞ, Yaponiya, Çin, Rusiya, Kanada və digər ölkələrlə müqayisədə iqlim dəyişilməsinə səbəb olan qazların buraxılması baxımından bizim “töhfə”miz azdır. Lakin biz də istəyirik ki, bu təsirə məruz qalan bir ölkə kimi bu məsələdə lazımi qədər aktiv olaq”.

Rafiq Verdiyevin sözlərinə görə, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoyacaq:

“Bu istiqamətdə hesablamalar aparmışıq. Temperaturun son 30 ildə 1,4 dərəcə artması, yağıntının 10-15% azalması, son beş-altı ildə quraqlıq illərinin çoxalması onu göstərir ki, su resurslarımız 15%-ə qədər azalıb. Bəzi ərazilərdə səhralaşmaya meyillilik artıb. Quru ərazilərin hündürlüklə, şaquli istiqamətdə sahələri genişlənir və bu da həmin o landşaftda şaquli istiqamətdə dağlara doğru iqlimin daha da sərtləşməsinə gətirib çıxarır.

Eyni zamanda təhlükəli hidrometeoroloji hadisələrə diqqət çəkmək istəyirəm. Məsələn, son günlərdə havanın temperaturu 30 dərəcə olub. İqlim norması ilə müqayisədə, tutaq ki, bu gün aşağı olub. Yəni, bu o deməkdir ki, qısa dövrdə temperatur aşağı düşə bilər, külək də, yağıntı da güclənə bilər, sel, daşqınlar da baş verə bilər. İyul-avqust aylarında, təəssüf ki, bu kimi hadisələr tezləşir. Qlobal fonda isti günlərin artması ilə yanaşı, təhlükəli hidrometeoroloji hadisələr-tornado və başqa hadisələr – nadir hallarda deyil, tez-tez müşahidə edilə bilər”.

R.Verdiyev onu da əlavə edib ki, əgər havaya atılan karbon qazının miqdarını lazımi həddə tənzimləmək mümkün olmazsa, temperatur dörd dərəcə və daha çox arta bilər: 

“Bu da o deməkdir ki, yağıntılar ciddi miqdarda azala bilər. Həmçinin, su resurslarımızın 30-35% azalması ehtimalı var. Təhlükəli hidrometeoroloji hadisələrin də daha tez-tez müşahidə edilməsi baş verə bilər. Temperatur dörd dərəcədən çox artarsa, buxarlanma çoxalarsa, ölkəmizin su resurslarının, Xəzər dənizinə daxil olan suların azalmasına, dənizin səviyyəsinin bir neçə metr də aşağı düşməsinə gətirib çıxara bilər.

Ona görə də uyğunlaşma tədbirləri keçirilməlidir. Azərbaycan beynəlxalq qurumlarla, Yaşıl İqlim Fondu, BMT-nin digər təşkilatları, Yaşıl Ətraf Mühit Fondu, Qlobal Ətraf Mühit Fondu və s. təşkilatlarla əməkdaşlıq edir. Həmin əməkdaşlıq çərçivəsində milli adaptasiya planı hazırlanır”.

Ekspert hesab edir ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyaları tətbiq etməlidir. Belə ki, suvarma üçün götürülən suyun torpaq kanallarda itməsinin qarşısı alınmalıdır.

Araşdırmalara görə, suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun dörd milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnologiyaların olmaması üzündən götürülən suyun iki milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürülən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalıdır. Enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına belə problemlərin həlli ilə hazırlaşmalıdır.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir