Plastik tullantılarla mübarizə üçün TƏKLİFLƏR: Bakı səmasında uçan torbalardan necə qurtulmaq olar? – VİDEO

Cəmiyyət

Son vaxtlar plastik tullantıların yaratdığı problemlər az qala ekoloji fəlakət həddinə çatıb.

Ətraf mühitə və insanlara zərərli təsirlərini minimuma endirmək üçün getdikcə daha çox ölkədə plastik torbaların istifadəsi qadağan edilir. Bir neçə il öncə ölkəmizdə də bununla bağlı qadağaların tətbiq olunacağı bildirildi.

Qərar verilmişdi ki, polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır. Ancaq təəssüf ki, heç nə dəyişmədi. Yenə də böyük şəhərlərimizin, əsasən də Bakının üzərində polietilen torbalar uçuşur.

Ekoloq Telman Zeynalovun fikrincə, mövcud problemin ən asan həlli yolu hər rayonda dörd-beş məntəqənin yaradılmasıdır:

“Maddi maraq yarandığı üçün insanlar məişət tullantılarını atmaq yerinə bu məntəqələrə təhvil verəcəklər. Hər rayonda məntəqələr açılmalıdır. Beləcə, yeni iş yerləri də yaranmış olar. Yoxsa hara baxsaq, şəhərdə torbalar uçuşur. Yeni istehsal edilən torbalardan istifadə plastik tullantılarla mübarizə aparmaq deyil. Heç kəs mübarizə aparmır. Bunları həyata keçirmək, milləti maraqlandırmaq lazımdır. Məsələn, mən marketdə alış-veriş etdiyim zaman bütün mallarımı torbalara yığırlar. Məndən torbanın pulunu da çıxırlar. Niyə pulumu qaytarmasınlar? Növbəti dəfə alış-veriş etdiyim zaman torbalarını özlərinə qaytarıram, pul çıxmırlar. Azərbaycanın öz alimləri, ziyalıları var. Tullantılara qarşı mübarizəni necə aparmaq lazımdır, onlar bilirlər. Bununla bağlı təkliflər irəli sürə bilərlər”.

Ekoloq Qorxmaz İbrahimovun da fikrincə, maddi yanaşma problemin başlıca həlli yollarından biridir:

“Mən paketlərin marketlərdə satılmasının tərəfdarıyam. Yəni adi, ən ucuz paketləri belə insanlar pulla almalıdırlar ki, onu çıxarıb başqa yerə atmasınlar. Təkrar istifadə edə bilsinlər. Bundan başqa, pambıqdan, həsirdən toxunmuş torbalar, səbətlər var ki, insanlar istifadə edə bilərlər. Plastik paketlərin ləğv olunması üçün kağız torba istehsalına başlanmalıdır. Avropada, dünyanın başqa yerlərində ekoloji təmiz məhsullar təklif olunur. Bu gün yeni texnologiyalar ilə çox şeylər istehsal etmək olur. O cümlədən də tez çürüyən, torpağa düşdükdə tez əriyib gedən materiallar istehsal eləmək mümkündür”.

Ekoloq onu da söylədi ki, Azərbaycanda plastik tullantıların emalı fabriki qurulsa da, alternativ qablaşdırmadan istifadə etmək təklif olunmayıb. Bu da özlüyündə mövcud problemin daha uzunömürlü olmasına xidmət edir.

Daha ətraflı APA TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir