Əziz Ələkbərli: “Qərbi Azərbaycandan deportasiya edilənlərin sayı 5 milyondan çoxdur” – MÜSAHİBƏ

Cəmiyyət

Əziz Ələkbərli: “Təkcə 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə yaxın soydaşımız deportasiya olunub. 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300 min nəfərə yaxın idi. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib”.

Avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi – yenidən təşkili təsdiq olunub. “Qərbi Azərbaycan İcması”nın sədri, millət vəkili Əziz Ələkbərli rəhbərlik etdiyi qurumun yenidən təşkilatlanmasının səbəb və məqsədi, qarşıya qoyulan hədəflər və sair məsələlərlə bağlı “Kaspi qəzetinə müsahibə verib.

– Əziz müəllim, rəhbərlik etdiyiniz QHT-nin yenidən təşkilatlanmasına səbəb nədir? 
– 1989-cu il dekabrın 28-də təsis edilən və 33 il fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin əsas məqsədi sonuncu deportasiya zamanı ermənilər tərəfindən Qərbi Azərbaycandan (indiki Ermənistandan) vəhşicəsinə qovulan qaçqınlarımızın sosial problemlərini həll etmək, onların məskunlaşmasına dəstək vermək olub. Cəmiyyət bu müddətdə öz vəzifəsinin öhdəsindən xeyli dərəcədə gəlib. 44 günlük Vətən Müharibəsindən sonra isə Azərbaycan regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq formalaşdırıb. Bu reallıq siyasi, ictimai, iqtisadi, mədəni, mənəvi həyatımıza yeni abı-hava gətirib. Bu reallıq “Azərbaycan Qaçqınlar Cəmiyyəti” üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti yaratdı. Cəmiyyətimiz bu günə qədər, əsasən, 1988-1991-ci illər qaçqınlarının problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər – son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Buna görə də təşkilatın fəaliyyətini təkcə 1988-1991-ci illər qaçqınlıq tariximizlə məhdudlaşdırmağı deyil, son 220 illik tarixin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı saysız-hesabsız vəhşiliklər törədilmiş bütün dövrlərini və bütün insanlarını ehtiva edən “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil etməyi məqsədəuyğun hesab etdik. “Qərbi Azərbaycan İcması”nı yaratmaqla, demək olar ki, biz son iki əsrdə indiki Ermənistandan – dədə-baba yurdlarından qovulmuş insanların, onların varislərinin geriyə qayıdışı uğrunda mübarizəsinə start vermiş olduq. Bu mübarizə həmin soydaşlarımızın tarixi-mənəvi haqqı təmin olunana qədər davam edəcək.

– Bu məqsədə çatmaq üçün hüquqi müstəvidə hansı addımlar atmağı planlaşdırırsınız?
– Hüquqi məsələlərin beynəlxalq müstəvidə həlli məqsədilə “Qərbi Azərbaycan İcması”nın strukturunda müvafiq bölmə yaradılıb. Zaman-zaman erməni vəhşiliyinə məruz qalaraq dədə-baba yurdlarından qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə bərpası, onlara qarşı cinayətlər törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik. İndiyə qədər bütün cəzalardan kənarda qalmış ermənilər, nəhayət, törətdikləri bütün cinayətlərə görə öz cəzalarını almalıdırlar. Harada yaşamasından asılı olmayaraq, istər Qarabağda olsun, istər İrəvanda, istərsə də başqa ölkələrdə.

– Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə kütləvi deportasiya olunan azərbaycanlıların sayı nə qədərdir? Bu barədə dəqiq məlumat varmı?
– Son 220 il ərzində Qərbi Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı bu gün 5 milyondan çoxdur. Təkcə 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə yaxın soydaşımız deportasiya olunub. 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300 min nəfərə yaxın idi. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib. Əslində, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması bütün 220 il ərzində davam edib. Biz bütün bunlar barədə dəqiq statistikanı vaxtaşırı ictimaiyyətə açıqlayacağıq.

– Qərbi Azərbaycandan deportasiya olunanların qaçqın statusu vaxtilə ləğv olunmuşdu. İndi bu statusun yenidən bərpası barədə təşəbbüslə çıxış etmisiniz. Belə bir addım atmaq nə dərəcədə mümkündür? Ümumiyyətlə, bu statusun bərpası Qərbi Azərbaycandan gələnlərə nə verəcək, onların həyatında nəyi dəyişəcək?
– Qərbi Azərbaycan qaçqınlarının statusu heç vaxt ləğv olunmayıb, bu barədə ulu öndər Heydər Əliyevin 2001-ci ildə müvafiq fərmanı var. Sadəcə olaraq 2001-ci il yanvarın 1-də bu statusdan irəli gələn güzəştlər xeyli dərəcədə ləğv olunub, saxlanılan güzəştlər isə tətbiq olunmayıb. Ona görə də bir müddət əvvəl mən Milli Məclisin plenar iclasında “Qaçqınların statusu haqqında” qanuna yenidən baxılması məsələsini qaldırdım və komitələrin birində müvafiq dinləmə keçirilməsi təklifini verdim. Hesab edirəm ki, bu, qaçqınlarımızın dədə-baba yurdlarına qayıdışı uğrunda başladıqları mübarizə üçün stimul olardı.

– Tarixi Azərbaycan torpağı olan və ötən əsrin birinci yarısında qanunsuz şəkildə Ermənistana verilən Zəngəzurun geri qaytarılması fikirləri səsləndirilir. Zəngəzurun Azərbaycana qaytarılması hüquqi və mənəvi baxımdan nə dərəcədə realdır? 
– Qərbi Zəngəzur, Dərələyəz mahalı və Göyçənin bir hissəsi sovet hakimiyyəti dövründə heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Ermənistana verilib. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu kimi, Ermənistan Respublikası da o vaxtkı Ararat Respublikasının varisidir. O vaxt Cümhuriyyətimizin ərazisi 114 min kvadrat kilometr, Ararat Respublikasının ərazisi isə cəmi 9 min kvadrat kilometr olub. Deməli, Ermənistan həmin 9 min kvadrat kilometrə qədər geri çəkilməlidir. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir