2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün başa çatır.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 16:35-ə olan məlumata görə, 1 741 nəfər (Azərbaycan bölməsi – 1 663, rus bölməsi – 78) ərizəsini təsdiq edib.
Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 14 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub.
www.102info.az