Gənclər fondunun BMT və “İDEA” ictimai birliyi ilə birgə yay düşərgəsi başladı – FOTO

Cəmiyyət

Ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest”in “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri”nə həsr olunan həftəsinə start verildi. 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin  İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaqdır.

Bu barədə Gənclər Fondu məlumat yayıb.

Bildirilib ki, həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulmuşdur. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. “Yay Fest”in sentyabrın 9-dək davam edəcək düşərgələrində BMT-nin qeyd olunan yerli nümayəndəliklərinin rəhbərlərinin də iştirakı nəzərdə tutulur.

Düşərgənin açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkə gənclərinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda səmərəli icrasına əlavə təkan verir. Fərid Cəfərov vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə  Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır və milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Qeyd edildi ki, Azərbaycan MDB məkanında ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2019-cu ilədək iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümünün qeyd olunduğunu, BMT-nin və onun strukturuna daxil olan digər təşkilatların paytaxt və bölgələrdə gənclərə dair apardığı işlər, eləcə də “Yay Fest 2022” çərçivəsində bu cür düşərgənin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Açılış mərasimində çıxış edən “İDEA” İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov tərəfindən “İDEA” İctimai Birliyinin həyata keçirdiyi fəaliyyətlər nəticəsində gənclər arasında ekoloji mühitin qorunması, ətraf aləmə həssas yanaşma və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi barədə gənclərə geniş məlumat verildi.

Daha sonra, çıxışçılar düşərgədə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdılar. Açılış mərasiminin yekununda düşərgə iştirakçıları qonaqlarla xatirə fotosu çəkdirdilər.

Düşərgə çərçivəsində keçirilən ilk təlimdə BMT-nin Bakı ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə mütəxəssisi Şəms Mustafayeva düşərgə iştirakçılarına gənclərin DİM-lərin həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat təqdim etdi.

Qeyd edək ki, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin Azərbaycandakı  Nümayəndəliyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutmaqdadır.

“Hədəf gələcəkdir!” şüarı altında 19 iyul – 9 sentyabr tarixlərində təşkil olunan “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu (“Tələbəlik”, “Dəmir Yumruq”, “Yaradıcılıq”, “Könüllülük”, “SDG Camp”, “İdeyadan Biznesə”,  “Karyera və İnkişaf” və “Həmrəylik”) üzrə düşərgələr keçirilməkdədir.

Artıq üçüncü ildir ki həyata keçirilən “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir