Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klas keçib.
“Birincili baş ağrılarının diferensial diaqnostikası və menecmenti” mövzusunda çıxış edən professor Məsud Aşina bu sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Diqqətə çatdırılıb ki, başağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox yol açan on səbəb sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində başağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.
Professor vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı dörd növə ayırmaq olar: Miqren; gərginlik tipli başağrısı; klaster başağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn başağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.
Çıxışının sonunda professor Məsud Aşina başağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğunu qeyd etdi.
Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətənini heç vaxt unutmayıb, diasporumuzla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Bundan əlavə, ötən ilin avqust ayında tanınmış mütəxəssis Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina ilə birlikdə Bakı Sağlamlıq Mərkəzində üç günlük planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparıblar.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.
www.102info.az