“Yol polisinin Mirmövsüm ağanın nəvəsinə cərimə yazdığı üçün qəzaya düşməsi fikrini doğru hesab etmirəm. Allah Mirmövsüm ağaya rəhmət eləsin. Amma belə fikirlər dini etiqadımıza, müsəlmanlığa xurafat gətirir. Bunun məsələyə aidiyyatı yoxdur. İnsan faktoru olan yerdə qayda pozuntusuna yol verilə bilər. Belə halda yol polisi əməkdaşları cərimə yazmalıdır. Polisin qəza törətməsinin kiminsə “cəddi” ilə əlaqəsi yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini məsələlər komitəsinin üzvü Cavanşir Paşazadə deyib.
“İnsanlarımızın bu cür fikirləri müsəlmanlığa, gözəl dəyərlərə malik İslam dininə, etiqadımıza xələl gətirir. Qəza təsadüf olan bir şeydir. Hər bir insanın başına gələ bilər. Heç kimin alnına yazılmayıb ki, hansı hadisə nə zaman olacaq. Qəzadan heç kim sığortalanmayıb. Hansısa hadisəni “cədd”lə əlaqələndirmək düzgün deyil. Filankəsdir, filankəsin nəvəsidir… Filankəsin nəvəsinin etiqadı çoxdursa, məsələni “cədd”ə gətirib çıxarırsa, maşında nə işi var? Belə şeylərin tərəfdarı deyiləm. Xahiş edirəm, gənclərimiz daşa, kəsəyə, kiminsə sözünə, cəddinə görə etiqad göstərməsinlər. Bu, din deyil, dindən kənar bir şeydir. Xurafatdır!”
www.102info.az