Tavandan evlərə su damır, sakinlər isə otaqlarda kiçik qablar düzərək yağış sularının qarşısını almağa çalışırlar.
Görüntülər Yevlaxın Salahlı kəndində yerləşən və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları keçmiş xəstəxana binasındandır. İkimərtəbəli binada Kəlbəcər rayonunun müxtəlif kəndlərindən olan 20-dən artıq ailə məskunlaşıb.
Bir müddət əvvəl əsən güclü külək binanın dam örtüyünün bir hissəsini dağıdıb. Bundan sonra isə həmin açıq hissələrdən axan yağış suları sakinlərə ciddi problemlər yaradıb. Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, səslərinə səs verən tapılmayıb.
Kəlbəcərdən olan məcburi köçkünlər həmin bina ilə yanaşı, köhnə aptek və qazanxana binalarında da məskunlaşıblar. Onlar bildirirlər ki, yağış evlərə dolmaqla yanaşı, yay aylarında mənzillərdən müxtəlif həşəratlar, ilanlar da çıxır.
Yaranmış problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Baku TV-yə bildirilib ki, həmin binanın vəziyyətindən məlumatlıdırlar.
“Komitənin aidiyyəti şöbəsinin əməkdaşları hadisə yerində olub, qiymətləndirmə aparıblar. Hazırda dam örtüyünün yenilənməsi üçün açıq tenderin keçirilməsi ilə bağlı sənədləşmə işi aparılır. Bundan sonra tenderin nəticəsindən asılı olaraq müvafiq tədbir görüləcək”, – deyə qurumdan bildirilib.
www.102info.az