Həkim məzuniyyətdə olduğu üçün vətəndaş icbari tibbi sığortadan yararlana bilmədi – ŞİKAYƏT + FOTO

Cəmiyyət

Vətəndaş Xalid Kazımov xəstəxanalardan tibbi xidmət ala bilməməsi barədə şikayətçidir. 

O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduğu zamandan iki mənbədən sığorta ödəyicisidir:

“İki dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi xidmət almaq üçün müraciət etmişəm. Heç birində xidmət göstərilməyib. İyulun 25-də sol qulağımda ağrı hiss etdim. Bir gün sonra ağrı azalmadı və üstəlik eşitməm qismən zəiflədi. İyulun 27-də 2022-ci ildə müvəqqəti qeydiyyatda olduğum Binəqədi rayonu 15 saylı poliklinikaya yollandım.

Həkim qulağımı müayinə etdi və heç nə olmadığını bildirdi. Amma qulağımda ağrı azalmadı. Qulağımda eşitmə hər gün daha çox zəiflədiyindən avqustun 4-də təkrar 15 saylı poliklinikaya yollandım və xahiş etdim ki, daxili qulağın müayinəsinin aparılması üçün mənə özəl xəstəxanalardan birinə göndəriş versinlər.

Amma bildirdilər ki, onlar yalnız “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi”nə göndəriş verə bilərlər. Göndəriş alıb mərkəzə getdim, həkimin qəbulunda təxminən iki saat gözləyəndən sonra qulağımı müayinə etdi. Qulaqda ağrıya və eşitmə zəifliyinə səbəb olacaq hər hansı problem olmadığını bildirdi. Amma diaqnozun dəqiqləşdirilməsi üçün məni A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verəcəyini bildirdi.

Daha sonra “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi”nə getdim və tibbi kartımın üzərinə yapışdırılmış bir qırmızı kağızla qayıtdılar. Həmin kağızda “Həkim məzuniyyətdə olduğu üçün göndərişdən imtina edilir”, – deyə qeyd edilib. Bundan sonra dəfələrlə 1542 “qaynar xətt”inə zəng etdim. Oradan tövsiyəyə uyğun yollandım A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına. Bildirildi ki, respublika üzrə qulağın audiometriyası isə yalnız Respublika Eşitmə Mərkəzində aparılır.

Respublika Eşitmə Mərkəzinin hər iki həkimi məzuniyyətdə olduğu üçün və bu müayinə planlı müayinə olduğu üçün pasiyent həkimin məzuniyyətdən qayıtmasını gözləməlidir. Mən həkimlərin nə zaman məzuniyyətdən qayıdacağı və mən müayinəyə nə zaman gələ biləcəyimlə bağlı rəsmi sənəd istəsəm də, təqdim edilmədi”.

O qeyd edib ki, icbari tibbi sığortadan yararlana bilmədiyi üçün son olaraq öz büdcəsi ilə özəl klinikaların birinə müraciət edib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-ə sorğu ünvanladıq.

Hər iki qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar məsələni nəzarətə götürüblər:

“Məsələ ilə bağlı Agentlik, TƏBİB və akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müvafiq struktur bölmələrinə məlumat verilib. Hazırda hər üç qurum tərəfindən məsələ araşdırılır və onun detalları hərtərəfli müəyyənləşdirilməkdədir. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat təqdim olunacaq”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir