Masallı rayonunun Qəzvinoba kənd orta məktəbi qəzalı vəziyyətdədir.
Hazırda məktəbdə 20 müəllim, 8 texniki işçi çalışır. Yeni tədris ilində 140 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Kənd camaatı öz gücünə müəyyən kosmetik təmir işləri görsələr də, vəziyyət dəyişməz olaraq qalıb. Valideynlər məktəbin hər an uça biləcəyindən narahatdırlar.
Məktəbin qəzalı olması barədə sonuncu dəfə bir ay bundan öncə Masallı Rayon İcra Hakimiyyətinə və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət olunub. Hər iki qurum məsələyə operativ münasibət bildirib. Cari ilin sentyabr, oktyabr aylarında məktəb binasının yenidən tikiləcəyini vəd veriblər. Amma bir məsələ var ki, məktəbdəki hazırkı vəziyyəti nəzərə alan rəsmi orqanlar tədrisin dayandırılması qərarını veriblər.
Bu yerdə valideynləri və şagirdləri düşündürən bir sual ortaya çıxır. Məktəbdə tədris dayandırılarsa, şagirdlər dərs məşğələlərini harada və necə alacaqlar?
www.102info.az