Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. İki qadının vəziyyəti ağır olduğundan onlar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki piyadanın vəziyyəti ağırdır.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq başvermə səbəbləri araşdırılır.
Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadınlardan birinin şəxsiyyəti müəyyənləşib.
O, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.
www.102info.az