Növbəti “tweet”lər arzusuyla: Qarabağda yaşayan ermənilər üçün siqnal

Cəmiyyət

Avqustun 26-sı Azərbaycanın tarixinə Laçın günü kimi düşəcək. Məhz bu gün Ali Baş Komandan İlham Əliyev müzəffər Ordumuzun Laçına yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü haqqında “tweet” atdı. Dərhal sosial şəbəkələr Laçın rənginə büründü. Hamı Laçından, Zabuxdan, Susdan danışmağa başladı.

2020-ci ilin noyabrındakı üçtərəfli bəyanatda üç ildən sonra reallaşması nəzərdə tutulan bu proses Azərbaycanın qətiyyətli mövqeyi ilə heç iki il tamam olmamış yekunlaşdırıldı.

Nala-mıxa vuran açıqlamalar

Ara-sıra erməni tərəfinin Laçınla bağlı nala-mıxa vuran açıqlamalarının da şahidi olduq. Gah dedilər, üçtərəfli bəyanatdakı müddət hələ yetişməyib, gah dedilər, Azərbaycanın tələbi qanunsuzdur, gah dedilər, hələ yolun özümüzə aid hissəsi çəkilməyib.  

Amma ayın əvvəlində reallaşan “Qisas” əməliyyatında “dəmir yumruğ”un zərbəsini alan kimi yaddaşları yerinə gəldi. Hətta 44 günlük müharibədən sonra zühur edib özünü xilaskar kimi təqdim edən generalları da Zabuxa gəlib orada məskunlaşanlara xəbərdarlıq etdilər ki, əgər Kəlbəcərdəki kimi çıxarkən evlərini yandırsalar, Ermənistan dövlətindən heç bir təzminat almayacaqlar. 

Erməni həyasızlığının yeni zirvələri

Laçının boşaldılması prosesində biz növbəti dəfə erməni həyasızlığının yeni zirvələrini gördük. Livandan gətirilib bu qədim Azərbaycan torpağında yerləşdirilən gəlmələr tarixdən danışdılar, işğal etdiklərinin erməni torpağı olduğunu vurğuladılar. Nə bilim, arada bəziləri hətta Laçından çıxmayacaqlarını, vuruşacaqlarını da dilə gətirdilər. Amma avqustun 26-da onlardan bir nəfərini də görən olmadı. Azərbaycan əsgərinin ayaq səslərini eşidən kimi özlərinə çəki-düzən verib, dabanlarına tüpürüb gəldikləri yerə qədər qaçdılar.

Gedəndə evləri yandıra bilməsələr də, meşələrə od vurmaqla xislətlərini nümayiş etdirdilər. Amma heç nəyə nail ola bilmədilər. Bilməyəcəklər də. 

Qarabağda yaşayan ermənilər üçün siqnal

Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Qarabağda yaşayan ermənilər üçün də növbəti bir siqnal olmalıdır. Bilməlidirlər ki, onlar göydən düşməyiblər, nazları ilə çox oynanılmayacaq. Ya ağıllarını başlarına yığıb, Azərbaycan vətəndaşlığını qəbul edib adam kimi yaşamaq imkanı əldə edəcəklər, ya da gec və ya tez bu torpaqları tərk edib getməli olacaqlar. Azərbaycan dövlətinin bütün ərazilərində Azərbaycan qanunları işləyəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, onlara heç bir xüsusi status verilməyəcək. Azərbaycandakı digər azsaylı xalqlar necə yaşayırlarsa, onlar da elə yaşamaq şansına malikdirlər. 30 ildir, hansı statusla, hansı şəraitdə yaşadıqlarını görürük. Azərbaycan dövləti onlara insan kimi yaşamaq, hüquqlara malik olmaq, sivilləşmək şansı verir. 

Laçına qovuşduq. Qovuşdurana şükür!

Laçın “tweet”i həm də ona mesajdır ki, bu tipli xəbərlərin ardı olacaq. Ola bilər, arada zaman intervalı bir az fərqli olsun, amma yeni “tweet”lər mütləq olacaq.  

Növbəti “tweet”ləri oxumaq arzusuyla…

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir